Главная » 2012»Октябрь»19 » Avropa Şurası: Azərbaycanda faktiki olaraq bələdiyyə hakimiyyəti yoxdur
17:25
Avropa Şurası: Azərbaycanda faktiki olaraq bələdiyyə hakimiyyəti yoxdur
Oktyabrın 16-18-də Strasburqda Avropa Şurası ölkələri yerli hakimiyyət nümayəndələrinin 23-cü Konqresi keçirilib.
Oktyabrın 17-də həmməruzəçilər Yos Viene (Niderland) və Qudrun Mosler-Torstrem (Avstriya) Azərbaycandakı vəziyyət haqqında məruzəni təqdim ediblər. Məruzədə 2003-cü ildə aparılmış əvvəlki monitorinqdən sonra ötən dövr ərzində Azərbaycanda demokratiya sahəsində vəziyyətə qiymət verilib.
Məruzədə qeyd edilir ki, ölkədə yerli hakimiyyət orqanlarının üç assosiasiyası yaradılıb, amma onlar bələdiyyə maraqlarının müdafiəsində fəal rol oynamır.
Azərbaycan hakimiyyəti hələ 2003-cü ildə vəziyyətin dəyişdirilməsi məqsədilə onlara ünvanlanmış tövsiyələrin əksəriyyətinə məhəl qoymayıb.
Bundan başqa, məruzədə Azərbaycanın qoşulduğu Avropa yerli özünüidarə Xartiyasının müddəalarına riayət edilməməsi ilə əlaqədar ciddi narahatlıq ifadə olunub.
"Faktiki olaraq, Azərbaycanda yerli və regional demokratiya mövcud deyil, həmçinin vəziyyətin dəyişdirilməsinə yönəlmiş planlar da yoxdur ki, bu da bizim üçün narahatlıq səbəbidir”,ş deyə Qudrun Mosler-Torstrem bildirib.
Məruzədə yerli özünüidarənin virtual xarakterli olduğu və dövlət orqanları tərəfindən bələdiyyələr üzərində güclü nəzarət olduğu, habelə bu bələdiyyələrin maliyyə imkanlarının zəif olduğu vurğulanır. Bundan başqa, bələdiyyələrin birbaşa onların maraqlarına aid olan məsələlər üzrə məsləhətləşmələr aparması proseduru yoxdur. Bununla əlaqədar olaraq, Konqres Azərbaycan hökumətini fəaliyyət planı qəbul edilməsi və Konqresin tövsiyələrinin həyata keçirilməsi üzrə zəruri addımları atmağa çağırır.
Konkret tədbirlər kimi Konqres öz Bürosunu Azərbaycanın ədliyyə nazirinin Konqresin qərarlarının müzakirəsi üçün 2013-cü il oktyabr sessiyasına dəvət edilməsi məsələsinə baxmağa çağırıb.
Bundan başqa, Konqres Monitorinq Komitəsinə təcili olaraq Bakıda Azərbaycanda Yerli Hakimiyyət Xartiyasının tətbiqi məsələləri üzrə seminar təşkil etməyi və yerli və regional demokratiyanın vəziyyətinin qiymətləndirilməsi məqsədilə vəziyyətin monitorinqini davam etdirməyi təklif edib (Turan).