Bu gün Astara rayonunda 300 nəfərə yaxın sakin mərkəzdə İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyasına başlayıb. Etiraza səbəb sakinlərə İrandan ərzaq məhsulları gətirməyə yaradılan maneədir.
Sakinlərin bildirdiyinə görə, son vaxtlar onlara İrandan 10 kq-dan artıq yük gətirməyə imkan vermirlər. Artıq yükü sərhəd keçid məntəqəsində camaatdan alırlar. Sakinlər bildirir ki, norma Nazirlər Kabinetinin qərarında 50 kq nəzərdə tutulub, amma sərhəddə buna imkan vermirlər.
Sakinlərin dediyinə görə, bu günlərdə Astaradan İran tərəfə keçməyə ümumiyyətlə imkan verməyiblər. Oradan gələnlərin də 10 kq-dan artıq olan yüklərini əllərindən alıblar.
Bildirildiyinə görə, icra başçısı etirazçıların qarşısına çıxmayıb. Olay yerinə rayon polis idarısinin rəisi gəlib və sakinləri sakitləşdirməyə çalışıb. Bildirib ki, sakinlərin iradlarını rəhbərliyə çatdıracaq.