Astara rayonunun bir qrup sakini pensiyaların verilməməsindən şikayət edir.
Astara rayonu Pensər kənd sakini Əziz Məmmədov deyir ki, 2-ci qrup əlildir, aldığı pensiyanın yarıdan çoxu dərmana gedir. Pensiyanı vaxtında vermədikləri üçün dərmanları aptekdən nisyə alıb:
- İyul ayının pensiyasını ala bilməmişəm. Deyirlər ki, gecikmələr artımla əlaqədardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng etmişəm. Mənə dedilər ki, biz pensiyaya baxmırıq, pensiyaya Dövlət Sosial Müdafiə Fondu baxır. Fondun Astara rayon Şöbəsindən isə deyirlər ki, pensiyadan xəbərimiz yoxdur.
Mirzəmməd Ağayev isə valideynlərinin pensiyaçı olduğunu söyləyir. Atasının 81, anasının 76 yaşı olduğunu, hər ikisinin xəstə yatdığını deyir:
«Bunlar həmişə ayın əvvəlində pensiyanı alardılar. Sonra yavaş-yavaş uzatdılar, gəldi çıxdı ayın sonuna. İndi keçib ikinci aya. İmkansız adamlardır. Guya pensiya artımla əlaqədar gecikir. Köhnə qayda ilə onların pensiyasını verin, artımı gələn ay verərsiniz».
81 yaşlı Böyükxanım Nəhmətova tək yaşadığını bildirir. Pensiyanın ümidinə qaldığını deyir. Pensiya gecikdiyinə görə qaz və işıq pullarını verə bilmədiyindən şikayət edir:
- Qazpulu var, işıqpulu var, haradan gətirim verim. Vaxtında versinlər də, cavanlara Astarada iş yoxdur.
Astara rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Məzahim Hüseynov da AzadlıqRadiosuna bəzi kəndlərdə pensiyaların yubanmasını artımla izah etdi. O, qalan müavinətlərin avqustun 10-dək veriləcəyini söylədi.