Dünyanın ən qiymətli çayı olan bu Lankon çayı yalnız may ayında yığılır, Bakıda yalnız "Təzə bazar”da satılır; bazarda isə süstlük müşahidə olunur
Armudu istəkanda çay, Ürəyimiz yananda çay, Ətirlisən dadlısan çay, çay, çay...
Söhbət tərkibində müxtəlif qatqılar, rənglər olan paket çaylardan getmir. Dünyanın ən qiymətli, əvəzolunmaz Lankon çaylarından gedir. Ən bahalısının qiyməti nə az-nə çox, 280 manatdır. "Mayofka” adlanan bu çay növü isə Bakının "Təzə bazar”ında satılır. Ötən gün çay bazarında qiymətlərlə tanış olmaq üçün adıçəkilən bazara üz tutduq.
Elə bazarın girəcəyində "Təbii Lənkəran çayları” asılmış lövhə var. Satıcı bizimlə söhbətində deyir ki, "Mayofka” çayı dünyanın, eləcə də Lankonun ən qiymətli çaylarındandır. Bu çay ildə bir dəfə, yalnız may aylarında yığılır. Ona görə də buna "Mayofka” çayı deyirlər. Bu çayın digərlərindən özəlliyi də ondadır ki, ildə bir dəfə yığılır. Çayın bir kiloqramının qiyməti 280 manatdır. Satıcı deyir ki, çayı almaq istəyən olanda endirimlə 150 manata da satır: "Bu çay üçün mənim xüsusi alıcılarım var. Onlar bir dəfə çayı alırlar, içib baxırlar. O qədər xoşlarına gəlir ki, sonra yenidən gəlib bu çaydan istəyirlər. Burada bizim digər çaylarımız da var. "Gül çayı"nı da bəyənənlər çoxdur. Bu çayın da xüsusi alıcıları var. Bu çayın bir kiloqramının qiyməti 50 manatdır. Ən çox bəyənilən çaylardan biri də "Təkyarpaq”dır. "Təkyarpaq” çayının quruluşu uzunsovdur. Bu çayı dəmləyəndə yarpaqları açılır. Yarpaqlar açılandan sonra elə görünür ki, elə bil indicə həmin yarpaqları dərmisən, heç qurumayıb. "Təkyarpaq” çayının bir kiloqramının qiyməti 80 manatdır. Bəzi adamlar var ki, "Mayofka”dan da çox "Təkyarpaq”ı bəyənir. Hərənin bir zövqü var. Ancaq yenə deyirəm ki, bu çayların təmizliyinə söhbət ola bilməz. Aparıb içib, dadına baxa bilərsiniz. Əgər xoşunuz gəlməsə gətirib qaytararsınız. İstəyirsiniz sizə nümunə üçün bu çaylardan verərəm. Pul da istəmirəm".
Nümunə çayları alıb bazarın ortasına qədər irəliləyirik. Daha bir yerdə "Təmiz Lənkəran çayı” yazılan yer var. Burada daha yaraşıqlı görünsün deyə, çayların yanında limonlar düzülüb. Hətta çay paketlərinin yanına samovar da qoyulub. Maraqlıdır ki, həmin "Mayofka” çayı burada 180 manata satılır. Digər çaylardan isə 50, 60, 80 manata tapmaq olar. Buradakı satıcılar da deyir ki, çayı Lankondan gətirilib: "Bu çayların dadı başqadır. Alınma çaylara rəng vururlar. Ancaq bu təbii çaydır. Bunu lənkəranlılar daha yaxşı bilər. İlk baxışdan çayların fərqi görünmür. Ancaq dəmlənəndən sonra fərqi görmək mümkündür”.
Maraqlıdır ki, bazarda olduğumuz bir saat ərzində bahalı Lankon çaylarından alan görmədik. Satıcılar dediyi kimi, bu çayların xüsusi alıcıları olur. Onu da qeyd edək ki, Lankon çayının keçmiş şöhrətinin qaytarılması istiqamətində son illər atılan addımlar öz bəhrəsini verməkdədir. Bunu "Lənkərançay-5" ASC-nin sədri Rəşid Quliyev mətbuata açıqlamasında deyib: ”Bu məqsədlə "Lənkəran çay-5" ASC-nin yerləşdiyi ərazidə Dequstasiya zalı yaradılıb. Burada qonaqlara Lankon çayının tərkibi, dəmlənmə qaydası və digər üstün keyfiyyətləri barədə məlumat verilir”.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, son 20 ildə Azərbaycanda çay istehsalı 1000 dəfə azalaraq 320 tona düşüb.
TALISH.ORG
|