Hər bir millətin qürur duya biləcəyi bir şey olur. Kimisi dili ilə, kimisi ərazisi ilə, kimisi də intellekti ilə qürur duyur. Biz də qürur duymalıyıq, bu qüruru bizə dilimizin QƏDİMLİYİ yaşatmalıdır....
Məktəblərdə "Talış dili” fənni...
Əksər Talış kəndlərindəki məktəblərdə "Talış dili” fənni tədris olunur. Əldə etdiyimiz, nə qədər həqiqət olduğunu bilmədiyimiz bəzi məlumatlara görə əksər "fənn müəllimləri” Talış dilini tədris etmirlər, daha doğrusu bu dilin tədrisini vacib saymırlar. "Talış dili” dərs saatında, "bu dil kimə lazımdır?” deyib, uşaqları "futbol oynamağa” buraxan bu cür müəllimlər nədənsə jurnalla "saxta” qiymətlər yazdıqlarına, dövlətdən havayı pul aldıqlarına görə utanmırlar. Düzdür, vicdanlı müəllimlər, dövlətdən aldıqları əməkhaqqı müqabilində bu fənni tədris edirlər, daha doğrusu bu fənni tədris etməyə çalışırlar, hətta əlavə vəsait kimi qəzetimizdən də bəhrələnirlər. Demək məktəblərdə bir "Talış dili” fənni problemi var..
Bu böyük bir dərddir, dövlət rəsmən sənin dilinin tədrisi üçün dərs saatı ayırsın, qanı qanından, canı canından olan müəllimlər isə bu dərs saatını fota versinlər. Axı niyə bizim müəllimlər belə edirlər? Bax bu suala cavab tapmaq elə də asan iş deyil. Amma bəzi mülahizələrimiz var ki, həmən mülahizələr də konkret faktlara söykənirlər. İlk və ən əsas fakt odur ki, hazırkı təhsil naziri Misir Mərdanov nədənsə "Talış dili” dərsliklərinin təzələnməsi üçün müvafiq sərancam vermir, baxmayaraq ki, hər 2-3 ildən bir digər fənn dərslikləri təzələnir. Demək Misir Mərdanov timsalında Azərbaycan iqtidarı "Talış dili” fənninin tədrisində maraqlı deyil. Burda bir sual meydana çıxır: əgər iqtidar "Talış dili” fənninin tədrisində maraqlı deyilsə, onda niyə bu fənn dövlətin proqramında öz əksini tapıb? Bu suala cavab tapmaq üçün təhsil nazirindən tutmuş Prezident Administrasiyasının müvafiq şöbə müdirinəcən müsahibələr alınmalıdır. Lakin nə təhsil naziri, nə də PA-nın şöbə müdiri bu müsahibəni verməz, çünki deməyə sözləri olmaz. İstəsək də, istəməsək də bu sualın cavabını özümüz tapmalıyıq. Mən belə başa düşürəm ki, iqtidar Avropa qarşısında götürdüyü öhdəliklərin icrasının vəziyyətini pərdələmək üçün məktəblərdə "Talış dili” adlı bir fənn saxlayıb ki, Avropa parlamanında "milli azlıqların hüquqlarını qoruyuruq, hətta onların dillərində dərs də keçirik” deyə bilsinlər. Daha bu Avropa parlamanının yazıq üzvləri nə bilsinlər ki, səki daşlarına milyonlar xərclənən bir ölkədə "Talış dili” dərsliyinin təzələnməsi üçün para tapılmaz. İnsan haqlarından "ağızdolusu” danışan parlaman üzvlərimizə qulaq asan Avroparlament üzvü nə bilsin ki, məktəblərimizdə "Talış dili”ni "tədris edən bəzi müəllimlərin” bu dil haqqında anlayışları belə yoxdur. Bəs görəsən bu cür acınacaqlı və dövlətimizə utanc gətirə biləcək bu vəziyyətdən çıxış yolu yoxdurmu? Məncə var. İlk olaraq məktəb direktorları "Talış dili” fənninin tədrisini əmək, bədən tərbiyəsi və ya zoologiya müəllimlərinə yox, bu dili bilən və həmən məktəblərdə Azərbaycan dilini və ya hər hansı bir xarici dili tədris edən, Talış dilini mükəmməl bilən Talış kökənli müəllimlərə tapşırsalar, daha yaxşı olar. İkincisi, Təhsil Nazirliyi dərhal yeni tədris ilinin planına ""Talış dili” dərsliklərinin təzələnməsi haqqında” müvafiq bənd salmalıdır. Üçüncüsü və ən əsası: "Talış dili” fənnini tədris etmək üçün kadrların hazırlanması məqsədi ilə ən azı Lənkəran Dövlət Universitetində "Talış dili və ədəbiyyatı fakultəsi” yaradılmalıdır. Dövlət bu addımları və ya daha mütərəqqi addımları atarsa, bütün Azərbaycanın fəxri olmalı olan, bəşər sivilizasiyasının ən qədim dillərindən biri-Talış dili qorunub saxlanacaq, nəsildən-nəsilə ötürüləcəkdir. Yox, əgər iqtidar bu addımları atmazsa, demək bu iqtidar Talış dili ilə yanaşı, Talışlarında yox olmasında maraqlıdır....
"İki gəncin manifesti”...
Son bir həftədə iki ağır xəbər aldıq: iki gənc həyatdan gedib! Bunlardan biri Beyləqan rayonundakı "N”saylı hərbi hissənin əsgəri, əsgəri xidmətinin başa çatmasına 2 gün qalmış və rəsmi məlumata görə özünə sui-qəsd etmiş Lənkəranın Şurik kənd sakini Həsənov Emin Qılman oğludur. Doğurdanmı əsgəri xidmətinin qurtarmasına iki gün qalmış Emin özünə sui-qəsd edib? İnandırıcı deyil, yox əgər Emin özünə sui-qəsd edibsə, demək ordumuzda nələrsə olur və bu "nələrin” qarşısı vaxtında alınmazsa, hələm çox qapılara sink qutular gələcək. Allah sənə rəhmət eləsin Emin, fəqət səni o həddə çatdıranlardan qısasıvı almamış getdin.
İkinci xəbər Moskvadan gəldi: Moskvada bir həmyerlimiz yaşayırdı, Mətin Mehdiyev. Keçən il ailə qurmuş və bir körpəsi olan bu gənc aprelin 9-dan 10-na keçən gecə vəhşicəsinə qətlə yetirildi. Kim idi Mətin Mehdiyev? Mətin Mehdiyev gənc olnasına baxmayaraq Rusiya Federasiyasının İslam Mədəniyyət Mərkəzinin Beynəlxalq Şöbəsinin rəhbəri idi. Moskvada yaşayan həmyerlilərimizin, İslami dəyərlərə qiymət verən digər millətlərin nümayəndələrinin hörmət etdiyi bir şəxs idi Mətin! Mətin Mehdiyev dünyanın yaranışından qiyamətəcən var olan Allah ilə şeytanın mübarizəsinin iştirakçısı idi və şeytanın qalib gələ bilmədiyi Mətini iblis simasına girmiş şəxslər vəhşicəsinə qətlə yetirdilər. Əqidəsi yolunda ölən şəhiddir! Səni şəxsən tanımasam da, deyəcəyəm: uca Şəhidlik zirvən mübarək, QARDAŞ!
Rafiq CƏLİLOV, celilovrafiq@mail.ru, "Tolışon Sədo” nöm: 13 (25), 14 aprel 2012
|