Главная » 2012»Май»19 » Alman qəzeti Əliyevləri “korrupsioner klan” adlandırdı
15:14
Alman qəzeti Əliyevləri “korrupsioner klan” adlandırdı
"Der Tageszeitung" hakimiyyəti ifşa edən məqaləsinə "Azərbaycan - Ailənin mülkü..." başlığını seçdi
Almaniyanın nüfuzlu media qurumlarından biri "Der Tageszeitung” qəzetində Azərbaycan hakimiyyəti barədə növbəti ifşaedici məqalə yayımlanıb. "Azərbaycan - Ailənin mülkü olan neftokratiya” adlı məqalədə Azərbaycan hakimiyyətinin korrupsioner və antidemokratik rejim olduğu vurğulanır. Qəzet Azərbaycanda insan haqları və söz azadlığının durumunun bərbad olduğunu, hakim ailə və ona yaxın elitanın ölkənin bütün gəlir mənbələrini öz nəzarətinə götürdüyünü yazıb. "Bu ölkədə insan haqlarından danışmağa dəyməz...”
"Neftlə zəngin ölkə olan Azərbaycan antidemokratik və korrupsioner Əliyev klanı və ona yaxın elita tərəfindən idarə olunur. Ölkədə insan haqlarının durumundan danışmağa isə dəyməz. Tənqidçi media susdurulur. Evinin sökülməsinə etiraz edən jurnalist Idrak Abbasov Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən döyülüb. O, evinin buldozerlərlə dağıdılmasının şahidi olub”, - deyə məqalədə bildirilir.
"Der Tageszeitung” daha sonra yazır ki, Bakı "Eurovision” yarışmasına ev sahibliyi edir. Yarışmaya hazırlıq üzündən konsert zalının tikildiyi yerə yaxın evlər söküldü. Hökumət kompensasiya ödəsə də, sakinlər verilən pulun bazar qiymətlərindən aşağı olduğunu bildirir. Evlərini tərk etmək istəməyən sakinlər isə təhlükəsizlik qüvvələri və məmurlar tərəfindən zorakılıqla üzləşir. Onlar döyülərək evlərindən çıxarılırlar. "Əliyev klanı haqda ifşaedici məlumat yayılanda şantaj və təhdid başlanır”
Qəzet əlavə edir ki, Azərbaycanda müstəqil jurnalistlər və tənqidi fikir söyləyənlər təhlükəsizlik qurumlarının "qara sıyahısındadır: ”Jurnalist Xədicə Ismayılova Ilham Əliyev rejimi tərəfindən təhdid və şantaj olundu. Ondan apardığı araşdırmaları dayandırmaq tələb olunurdu. Ismayılova Azərbaycanda korrupsiya araşdırmalarının müəllifi kimi tanınır. Məlumatlara görə, Ilham Əliyev klanı haqda ifşaedici xəbərlər yayılanda belə hallar baş verir. Əliyev klanı "Eurovision” finalının keçiriləcəyi "Crystal Hall”un tikintisini həyata keçirən "Azenco” şirkətinin də sahibidir. Zalın tikintisi üçün pulların dövlət pensiya fondundan götürüldüyünə dair xəbərlər yayılıb".
Bundan əvvəl digər nüfuzlu media qurumlarının yazdığı kimi, "Der Tageszeitung” qəzeti də qeyd edir ki, Azərbaycanın avtoritar rejimi "Eurovision” musiqi yarışmasından öz imicini müsbət mənada formalaşdırmaq, müasir görünmək üçün istifadə etməyə çalışır. Qəzetin yazdığına görə, Əliyev klanı, nazirlər və oliqarxlar özlərini təhlükəsiz şəraitdə hiss edərək, istədiklərini eləyirlər. Onlar indiyə qədər neft və qazdan gələn gəlirlərə nəzarəti ələ keçiriblər. Azərbaycan son on illər ərzində təbii ehtiyatlardan gələn gəlirlər hesabına inkişaf etsə də, neft gəlirləri xalqa çatmır. Yaşayış səviyyəsində artım hiss olunmur. Işsizliyə qarşı mübarizə aparılmır. "Azərbaycan hakimiyyəti neft-qaza minnətdar olmalıdır”
"Azərbaycan tipik neft ölkəsidir. Hakim elita iqtisadiyyatın bütün sahələrini öz nəzarətinə götürüb. Gəlirlər klan üzvləri arasında paylaşdırılır. Bu korrupsioner elita iqtisadiyyatın şaxələndirilməsində maraqlı deyil. Həmçinin siyasi sistemin demokratikləşməsində də. Çünki bunlar rejiminin məğlubiyyəti olar. Onlar enerji sektoruna nəzarəti itirə bilərlər. Ilham Əliyev 2003-cü ildə atasından hakimiyyəti təhvil alıb. Onun rejimi atasının rejimindən daha avtoritardır. Ilham Əliyevlə müqayisədə onun atasının hakimiyyəti illərini ”qızıl əsr" adlandırmaq olar. Heydər Əliyev zamanında etiraz aksiyalarına icazə verilirdi, müxalif partiyalar parlamentdə təmsil olunurdu. Ancaq son 6 ildə ölkədə etiraz aksiyalarının keçirilməsinə qadağa qoyulub. 2010-cu il parlament seçkilərində real müxalifət təmsilçilərindən heç kim mandat ala bilmədi. Ilham Əliyev 2009-cu ildə referendum keçirərək prezidentlik müddətinə qoyulan məhdudiyyəti aradan qaldırdı. Qərb Azərbaycana yetərincə təzyiq göstərmir. Rəsmi Bakı buna görə neft və qaza minnətdar olmalıdır", - deyə qəzet yazır.
Məqalənin sonunda o da vurğulanıb ki, Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının kütləvi etiraz aksiyalarına hakim ailə qeyri-rəsmi qadağa qoyub. Hətta ölkənin birinci xanımı Mehriban Əliyeva açıqlamalarının birində bunu təsdiqləyib: "Biz ”Eurovision" musiqi yarışması ərəfəsində bayram əhval-ruhiyyəsinin pozulmasına imkan verməyəcəyik".