Bu gün – 24 iyun 2012-ci il tarixdə Azəri-Talış İctimai Birliyinin ofisində Talış ədəbiyyatının ustad bilicisi, dilşünas və şair Allahverdi Bayraminin yenicə nəşrdən çıxmış "Azərboyconi tolışon ədəbiyyot” kitabının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə görkəmli Azərbaycan şairi Əli Nasir, Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilov, şair Hacı Şükür Zeynalov, Azəri-Talış İctimai Birliyinin sədri Mehdibəy Səfərov və başqaları iştirak etmişdir.
Müəllif A.Bayrami nəşr haqqında məlumat verərək bildirmişdir ki, kitabın 3 cilddə olması nəzərdə tutulur. Hazırkı birincici cild üç fəsildən ibarətdir. Birinci fəslə talış folkloru və ona aid mini antologiya, ikincici fəslə 20-ci əsr talış ədəbiyyatı, üçüncü fəslə müasir talış ədəbiyyatı, talış ədibləri ilə müsahibələr, onların yaradıcılıqlarına aid təhlillər, məqalələr və əsərlərindən nümunələr daxil edilmişdir. Kitabda dörd müəllifin: A.A.Bayraminin, M.Q.Əliyevin, X.Ş.Ağayevin, M.S.Əhədovun, 25 talış ədibinin həyat və yaradıcılığı haqqında talış dilində yazdıqları 37 məqalə, 4 esse və 2 müsahibə yer almışdır. Növbəti cildlərdə digər müəlliflərin talış ədəbiyyatına aid araşdırmaları toplanacaqdır.
Daha sonra bu kitabın gələcəkdə talış ədəbiyyatının inkişafında göstərəcək rolu barədə şair Əli Nasir, Mehdibəy Səfərov və Rafiq Cəlilov ürək sözlərini bölüşmüşlər. Gənc şair Azər Xəlili bu kitabların gənclərin talış dilinin mükəmməl öyrənmələri istiqamətində oynayacaq əhəmiyyətli rolundan danışmışdır.
Görüşdə gənc talış ədəbiyyatsevərləri iştirak etmişlər.
Seyran Rəfiyev
Azəri – Talış İctimai Birliyinin sədr müavini
Azərbaycan Ziyalilar birliyi sədrinin muşaviri