Главная » 2012»Август»23 » “Allahımdan çox razıyam ki, Xamneyinin qarşısında çıxış imkanım oldu”
18:35
“Allahımdan çox razıyam ki, Xamneyinin qarşısında çıxış imkanım oldu”
Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun xanımı Mehparə Səmədova "Media forum” saytına açıqlama verib. O, İranın dini lideri ayətullah Əli Xamneyi ilə iyul ayının 11-də Tehranda keçirilən görüşün təfərrüatı haqqında danışıb: "Mən Allahımdan çox razıyam ki, islam aləminin dini lideri, ayətullah Əli Xamneyinin qarşısında çıxış imkanım oldu”.
Mehparə Səmədovanın sözlərinə görə, o vaxt "İslam oyanışı və qadınlar” mövzusunda keçirilən beynəlxalq toplantıda iştirak etmək üçün İrana Azərbaycandan 40-dək qadın gedib: "Onların içərisində hazırda həbsdə olan dindarların həyat yoldaşları da vardı. Beynəlxalq toplantıdan sonra ayətullah Əli Xamneyi cənabları ilə görüş keçirildi. Görüş zamanı 9 ölkədən nümayəndələrə 5 dəqiqəlik çıxış imkanı yaradıldı. Liviyadan, Misirdən, İraqdan, Fələstindən, Tunisdən, Livandan və digər ölkələrdən. Eləcə də Azərbaycandan mənim çıxış etməyim məsləhət oldu.
Mən öz çıxışımı Azərbaycan dilində elədim. Çünki cənab Əli Xamneyi azərbaycanlı olduğu üçün məni anlayacaqdı. Ondan bunun üçün icazə istədim və o da razılıq verdi. Çıxışımda ən əvvəl Azərbaycanın işğal olunmuş torpaqları haqqında danışdım. Bildirdim ki, Azərbaycan 20 il bundan əvvəl öz müstəqilliyinə qovuşsa da, torpaqlarının 20 faizini ermənilər işğal edib. Daha sonra əlavə etdim ki, Azərbaycan uzun illər rus imperiyasının əsarəti altında olsa da, öz milli-dini ənənələrini yaşadıb, islam dinindən kənar düşməyib. Eyni zamanda cənab Xamneyinin diqqətinə son illər Azərbaycanda hicab probleminin olduğunu, həmçinin buna etiraz edən xeyli dindarın həbs edildiyini çatdırdım”.
Mehparə Səmədova əlavə edib ki, çıxışının sonunda qızı Zəhraxanımın farsca qələmə aldığı şeiri ayətullah Xamneyiyə oxuyub: "Şeir dörd-beş bəndlik idi. Bizə çıxış üçün cəmi 5 dəqiqə vaxt verildiyi üçün mən yalnız şeirin 6 misrasını oxuya bildim. Qızım Bakıdakı İran məktəbinin 10-cu sinfində oxuyur və bu şeiri bir səhər bədahətən yazmışdı”.
Hazırda Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Mövsüm Səmədovla avqustun 31-də görüşə gedəcəklərini deyən Mehparə Səmədova həyat yoldaşının xüsusi istəyi olmadığını deyib: "Ayda iki dəfə telefonla danışa bilirik. Bu, çox qısa olur. Adətən hansısa kitabın gətirilməsini istəyir”.
Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına ittihamlar səsləndirib, Azərbaycan xalqını rejimə son qoymağa çağırıb. Bir neçə gün sonra Mövsüm Səmədov tutulub, oktyabr ayında hakimiyyəti zorla ələ keçirmə və başqa cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.