Əziz qardaşlarım, bu yazını yazmağa mənə gələn çoxsaylı məktublar səbəb olub. Deyirlər TALIŞLAR qadınlara çox hörmət edir. Ancaq baxıram mənim talış qardaşlarımın bəziləri qadınla davranmağı belə unudublar. Bu barədə çoxdan yazmaq istəsəm də, tam qərara gələ bilmirdim, amma yanvar ayından fikrimdə olsa da, yenə də tam qərara gəlməmişdim. Ancaq indi lazımdır ki bəzi iradları çatdırım.
Yanvar ayında ANS TV- də olan anlaşılmazlıqlar mənim də xətrimə dəydi. Amma buna mədəni formada cavab verdim, həm telkanal rəhbərliyinə, həm də Facebook səhifəsində olan proqramın qrupuna.
Əziz talış qardaşlar, siz kiminsə anasın-bacısın söyəndə, axı bizləridə söyürlər. Bu söyüş, lənət yağdırmaq nəyə lazımdır. Bəziləriniz həmin adamın səhifəsinə yazmaqdansa, hamı görsün deyə, aşkarda sanki pələngə dönürsünüz. Nəticədə ümumi talış xanımları söyülüb təhqir olunur. Niyə anaları, bacılarl, gəlinləri, qızları söydürürsünüz? Niyə? Niyə bu məmləkətdə yaşayan başqa millətin nümayəndələrin qadın və kişilərini söyüb təhqir edirsiniz? Bu sizə nə verir? Bu biz Talışlara lazımdırmı? Tualetlərinizdə unitaz qalmayıb şəklini çəkib saytlara qoymaqdan yorulmursunuz. Bu talış mədəniyyətidirmi? Deyərdim ki, ilk talış qadınıyam ki, neçə illərdir internetdə dilimizlə bağlı araşdırmalar aparıb, yazışıram. Mənim özümü bir nəfər də olsun heç kim başqa millət nümayəndəsi təhqir etməyib. Açıq yazıram, istər inboxuma, istərsə də açıq şəkildə özlərini reklam etmək üçün mənə təhqir edici sözlər yazmısınız. Heç kim elə başa düşməsin ki, konkret kimə isə yazıram, bu ümumilikdə hamıya aiddir.
Ötən illər bundan da betər idi. Qız-gəlinin internetdə olmağının fərqinə varmayaraq səhifələri kuçə söyüşləri ilə bəziyən ziyalılarımıza da rast gəlinirdi. Əgər bu insanlara internetdə çox oturmaq bu qədər əsəb gərginliyi gətiirisə, müəyyən vaxt məhdudiyyəti qoysunlar özlərinə. Yazıqsınız, sizi bir daha ana doğmayacaq. O ana ki, onu gündə milyon dəfə söydürürsünüz. Biz bilirik ki, Talış adı nə qədər ağır da olsa, o qədər də hamımız üçün şərəf gətirən ad olmalıdır. Hamımıza da bəllidir ki, qız nikləri ilə də talış qruplarımıza girib, biziləri qıcıqlandırırlar. Axı bunu başa düşmək üçün insituta girmək gərək deyil. Amma çoxunuz öz nikiniz ilə söyüşlər, təhqirlər, lənətlər, qarğışlar yağdırırsınız: Bunlar kişiyə yaraşarmı? Hərdən belə hallara rast gələndə üzümü Qadir olan Allaha tutub deyirəm: Allahım, məni niyə qadın yaratdın?
Bəziləriniz bir-birinizin yalanını, yanınızda danışılan sirləri açıb yazırsınız. Budurmu kişilik? Budurmu kişi hulqumu? Bəziləriniz də var ki, kimə isə söz deməyə cürəti çatmırsa, məni bir vasitəsi seçir özünə. Kimin kimə sözü var şəxsən desin o adama, mən vəkil deyiləm qardaşlar, Talış xanımıyam. O adamlara bu yazım vasitəsi ilə deyirəm ki, Allahın kalamında yazılmışdır: Vay vasitəçinin halına.
Çox xahiş edirəm, sizlərə yaşamaq maraqlı deyilsə, başqalarını da bezdirməyin. Rayonlarda yaşayan Ağsaqqal qardaşlarıma səslənirəm, etdiklərim işlərə görəmi bəziləriniz mənə təhqirləri və tənqidləri açıq qəzetdə yazırsınız? Ay talış qardaşlarım, mənim hər məqaləmin altında e.mailim var. Telefon və skaypımı əldə edərək, sözünüzü mənə məhəbbətlə də çatdıra bilərsiniz. Marqlıdır, bu boş danışanların da mənim kimi evdə həyat yoldaşları, qızları, gəlinləri, bacıları və anaları var və heç biri mənə bu işlərdə kömək belə edə bilmir, axı evdə talış kişisi var. Hansı ki, oturub şir kimi kompyuterun qabağında, başqasının anasına, bacısına təhqir yazırlar, əvəzindədə talış xanımların var-yoxu söyülür.
Yorulmuşam sizin səhflərinizə görə üzr istəməkdən. Sağ olunuz, belə laızm deyil. Yetər ki, İradə xanım və ya İradə dodo yazırsınızsa, ondan sonra gələn kəlmələr qabaqda yazdıqlarınızla düz gəlsin.
Mənim Əziz Talış qardaşlarım, dodo sizdən bütün xanımlar adından xahiş edir, bizi söydürməyin, təhqir etdirməyin. Ömür çox qısadır!!! Yazdıqlarımdan elə sanmayın ki, kimdənsə incimişəm, yox, mənim fərqim elə sizdən budur ki, mən heç kimdən incimirəm. Çünkü insan inciyəndə öz xeyir duasını başqasına verir. Heç mənim haqqımda sizin fikirləriniz də mənə maraqlı deyil. Allahıma o maraqlıdır ki, mən sizlərin haqqında nə düşünürəm. Hər birinizi sevirəm, hər biriniz mənə qiymətlidir. Dodo hər birinizi novruz bayrami münasibəti ilə təbrik edir və sizə Allahdan hikmət diləyir.
İradə MƏLİKZODƏ
20 mart 2015, "Tolışon sədo" qəzeti