8 iyun 2013-cü il tarixdə, "Yeni Musavat” qəzetində Etibar Seyidağa imzalı müəllifin "Azərbaycanın cənubunda təhlükəli tentensiya” adlı analitik məqaləsi dərc edilmişdir.
Həm məqalənin müəllifi Etibar Seyidağa, həm də ona müsahibə verən Qabil Hüseynli adlı politoloq israrla bildirirlər ki, "Respublikamızın cənub bölgəsində İranın və Rusiyanın dəstəyi ilə Talış dilində nəşr olunmuş kitablar vasitəsi ilə milli zəmində separatçılıq toxumu səpilir". Buna sübut üçün məqalənin manşetində görkəmli tarixçi-alim, professor Qəmərşah Cavadovun Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Elmi Şurasının qərarı, eləcə də Norveçin Azərbaycandakı Səfirliyinin və Humanitar müəssisəsinin sponsorluğu ilə 2004-cü ildə "Elm” nəşriyyatında nəşr olunan "Talışlar” kitabı təsvir olunmuşdur. Məqaləni sona qədər oxudum. "Yeni Musavat” kimi ciddi qəzetin hər hansı məntiqə, fakta və mənbəyə söykənmədən, adi söz yığnağından ibarət qərəzli bir yazının dərc etməsinə təəssüf etdim.
Hormətli oxucu, bu barədə fikrimi davam etdirməzdən əvvəl bir haşiyə çıxmaq istəyirəm. Q.Cavadovun yazdığı "Talışlar” kitabı şəxsən mənim üçün o qədər dəyərli və əzizdir ki, ən istəkli adamlarımın ad günlərində bu kitabı onlara hədiyyə verirəm. Ona görə ki, bu kitab Azərbaycanın köklü xalqlarından biri olan taışların uzunömürlülüyünün sirrlərindən, özünəməxsus məişətlərindən, kulinariyasından, flora-faunasından, adət-ənənələrindən və s. milli-mənəvi dəyərlərindən bəhs edən çox maraqlı bir tarixi-etnoqrafik tədqiqat əsəridir. Kitabı oxuyarkən, istənilən oxucu, nəinki hər hansı ayrıseçkilik elementinə rast gəlir, əksinə bu kitabı mütaliə etdikcə, o ruhən saflaşır və intəhasız zövq alır. Məhz buna görə də, məqalə müəllifinin və onun müsahibinin separatçılığın təbliğ olunmasında "Talışlar” kitabının nümunə göstərmələri başa düşülmür və Talış xalqının ruhuna qarşı yumşaq desək, ədalətsiz mövqedə dayandıqları duyulur.
E.Seyidağa və Q.Hüseynli iddia edirlər ki, həm İran İslam Respublikası, həm də Rusiya Federasiyası Azərbaycan Respublikasının Talış zonasında etnik zəmində separatçılığı qızışdırmaq məqsədlə Talış dilində çoxlu kitablar nəşr etdirir və əhaliyə paylayır. Maraqlısı odur ki, məqalə müəllifləri öz fikirlərini sübut etmək üçün nədənsə, Q.Cavadovun "Talışlar” kitabından başqa heç bir kitabın adını nümunə kimi göstərə bilmirlər. Dərhal bilinir ki, onlar bu kitabı oxumamışlar. Hərgah oxusaydılar, çox qazanardılar! Belə ki, yalnız adının "Talışlar” olması artıq məqalə müəllifində və həmsöhbətində kitab barəsində şablon "separatçılıq stereotipi” asossasiyasını yaratmışdır. Bu hal nəticədə onları çaşdırmışdır!
Sadə məntiqə malik istənilən oxucu məqaləni oxuyarkən, dərhal anlayacaqdır ki, predmeti və istinad mənbəyi olmayan məqalədə müəllif və onun müsahibi qərəzli olduqları qədər də riyakardırlar. Onlar Talış xalqının milli-mənəvi dəyərlər sistemini aşağılamaqla, ona ləkə yaxmaqla, özlərindən hadisələr uydurmaqla ölkəmizin qardaş xalqları arasında ayrıseçkilik toxumunu səpməyi, etnik zəmində nifaq salmağı, vətəndaşlarımızı qarşı-qarşıya qoymağı qarşılarına məqsəd qoymuşlar. Bu yazı ölkəmizin dövlətçiliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş əsil separatçılıq hərəkətidir! Ölkəmiz üçün milli münasibətlər kimi taleyüklü məsələdə eyforiyaya uyaraq, adını "müxbir” qoymuş E.Seyidağaya, eləcə də adını "politolq” qoymuş Q.Hüseynliyə isə sözüm budur: - "Durun! Utanın! Yetər ki, suyu bulandırıb balıq tutdunuz! Azərbaycan talışların da Ana Vətəni, müqəddəs ocağıdır! Onlar bu vətənin dövlətçilyini və ərazi bütövlüyünü müqəddəs sayır, onun uğrunda canlarını qurban verməyə hazırdırlar!” Bəs, siz hansı amala xidmət edirsiniz?
Burda gözəl bir el məsəli yada düşür: - "Adımı sənə qoyum, səni də yana-yana”.
Mehdibəy Səfərov
Azərbaycan Respublikası Demokratik Qüvvələrinin
Milli Şurasının üzvü
Azəri – Talış İctimai Birliyinin sədri