Главная » 2012»Февраль»24 » ABŞ televiziyasi Azərbaycanın ağaları haqqında reportaj yayımladı
13:23
ABŞ televiziyasi Azərbaycanın ağaları haqqında reportaj yayımladı
Amerikanın CNBC telekanalının Azərbaycandan, hakim Əliyevlər ailəsinin korrupsiya pulları hesabına dəbdəbəli həyat tərzi sürməsindən, o cümlədən onların Dubayda aldıqları mülklərdən, ölkə vətəndaşlarının isə aşağı həyat səviyyəsində yaşadığından bəhs edən reportajı bir neçə günlük anonsdan sonra nəhayət, ekranlara çıxarıb.
CNBC "Filthy Rich” ("Çirkli zəngin”) proqramında Əliyevlərə həsr olunan reportajı Bakı vaxtı ilə bu gün səhər saatlarında nümayiş etdirib.
Amerikanın CNBC telekanalının Bakıda səfərdə olmuş əməkdaşı Birləşmiş Ştatların Azərbaycanla münasibətlərdə üzləşdiyi dilemma haqda da yazıb. "Azadlıq” radiosunun məlumatına görə, müəllif qeyd edir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini qazanandan bəri ABŞ-la yaxşı münasibətlər saxlayır. "Bu, Xəzərin sahilində yerləşən və milyon tonlarla neft istehsal edən bir ölkədir. ABŞ-ın əsas neft şirkətlərinin əksəriyyəti bu ölkədə işləyir”.
Müəllif yazır ki, Azərbaycanda çalışan ABŞ rəsmiləri adətən ciddi bir dilemma qarşısında qalırlar: "WikiLeaks saytının yazdığına görə 2009-cu ildə Bakıda işləyən yüksək vəzifəli bir diplomat ABŞ-la Azərbaycan arasında münasibətləri "strateji cəhətdən önəmli, amma həm də ABŞ-ın maraqları ilə dəyərləri arasında seçim zərurəti yaradan əlaqələr” adlandırmışdı.”
Müəllif qeyd edir ki, 2003-cü ildə atasının vəfatından sonra hakimiyyət başına gələn İlham Əliyevin ailəsi dünyanın müxtəlif ölkələrində milyonlarla qiyməti olan mülklərə sahibdir: "ABŞ təbii ehtiyatlarla zəngin, amma korrupsiya və insan haqları pozuntularında ittiham olunan ölkələrlə əməkdaşlıq etməlidirmi? Bu suala birmənalı cavab verən yoxdur. Bakıda işləyən rəsmilər deyirlər ki, burada kimdənsə bir şey istəyəndə həmişə problem yaranır və həmişə dilemmalar var. Sənin bu dielmmalarda davranışın çox önəmlidir.”