TALISH.ORG xəbər verir ki, Astaraya (Ostoro) yeni təyin olunmuş icra başçısı Qəzənfər Ağayev kürsüsünü qızdırmamış etirazlarla üzləşməli olub. Rayondan verilən məlumata görə, bir sıra şəxsi layihələrini həyata keçirmək üçün addımlar atan icra başçısının hərəkətləri camaatda narazılıq yaradıb.
Ağayev ilk olaraq rayon bazarını ələ keçirmək fikrinə düşüb. Bununla əlaqədar bir müddət əvvəl yaranmış insidenti unudan icra başçısı yenidən həmin ticarət mərkəzinə sahib olmaq üçün addımlar atıb. Nəticədə, bazarda kiçik ticarətlə məşğul olan sahibkarlar ona etirazlarını bildiriblər və bazarı əldən verməyəcəklərini deyiblər.
İcra başçısı onların tələblərinə məhəl qoymasa, yaxın günlərdə rayonun mərkəzində sahibkarlar etiraz aksiyası keçirəcək. Hətta bununla bağlı yerli İcra Hakimiyyəti rəsmilərini də xəbərdar ediblər.
Son günlər Astaradakı əsas gəlirli sahələrin ələ keçirilməsi istiqamətində də müəyyən addımlar atılır. Bildirilir ki, rayon rəhbərliyi yol kənarındakı dükanlara və əlverişli yerlərdə yerləşən ticarət obyektlərinə də göz dikib. Bu isə narazılığı daha da artırıb.