İran sərhədinin yaxınlığında mağaza işlədən sahibkar Yəhya Ağayev qiymətlərin artmasından şikayətlənir: "Gecə mənə zəng edib dedilər ki, yumurtanın topdan satış qiyməti İranda artıb. Orda artsa burda da artacaq. Qiymətlər, demək olar ki hər gün qalxır. Əvvəllər belə deyildi. Ərzaq məhsulların qiyməti 3-4 aydan bir qalxıb-enərdi. Qiymətlər artdıqca mağazaya gələn alıcıların sayı da azalır. Budur, baxın”.
Yəhya Ağayev qalın dəftəri göstərir. Sıra ilə yazdığı adamların adlarının qarşısında rəqəmləri sadalayır: "25, 30, 50, 1 manat borcu olan da var. İndi kibriti də nisyə götürürlər. Əhaliyə pensiyalar veriləndə mağazaya bir az pul daxil olur. Pensiyanı da dekabrın sonunda aldılar. Yeni il ərəfəsi bir az alver oldu”.