Главная » 2011»Октябрь»7 » Ruhulla Axundzadə 11,5 il müddətinə azadlıqdan məhrum edildi (video)
17:58
Ruhulla Axundzadə 11,5 il müddətinə azadlıqdan məhrum edildi (video)
Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Eldar İsmayılovun sədrliyi ilə İslam Partiyasının lideri Mövsüm Səmədova və daha 6 nəfər partiya fəalının barəsində hökm oxunub.
Məhkəmə onları CM-in bir neçə maddəsi ilə təqsirli bilib: 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə).
Mövsüm Səmədov cəzasını ciddi rejimli koloniyada çəkməklə 12 il azadlıqdan məhrum edilib.
Partiyanın sədr müavini Vaqif Abdullayev 11 il, Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə 11,5 il, Firdovsi Məmmədrzayev 10 il, Fəramiz Abbasov 11 il, Dəyanət Səmədov 11 il müddətinə azadlıqdan həbs olunub. Mikayıl Zülfüqar isə şərti olaraq 11 il azadlıqdan məhrum edilib, ondan kənara çıxmamaq haqda iltizam alınıb.
Günorta müttəhimlərin yaxınları və qohumları etiraz aksiyası təşkil edərək hakimlərin və hakimiyyətin ünvanına lənət oxuyublar. Nəticədə onlarla polis arasında münaqişə yaranıb və bir neçə nəfər döyülüb. Hökm çıxarıldıqdan sonra vəziyyət təkrarlanıb.
Xatırladaq ki, islamçılar bu ilin əvvəlində həbs olunublar. Belə ki, AİP lideri partiya Baş Məclisinin iclasında Azərbaycan xalqını "ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb. Onun çıxışı YouTube-da yerləşdirilib.
AİP işi saxta hesab edir və hakimiyyətin siyasətini tənqid etdiklərinə, vətəndaşların dini hüquqlarını müdafiə etdiklərinə görə partiya liderləri və fəallarının cəzalandırılması məqsədilə siyasi sifariş hesab edir.
90-cı illərin əvvəllərində İslam Partiyasının əvvəlki rəhbərliyi İranın xeyrinə casusluqda ittiham olunaraq uzun müddətə həbs edilmişdi.